
Mikayıl Müşfiq
Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[2] Etnik tatdır.[3][4] Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından biri idi.[5] O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.[5] Uşaq ikən valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyümüşdür.Müşfiqin böyüyüb boya-başa çatmasında, şair kimi yetişməsində nənəsi Qızqayıt xanımın böyük rolu olmuşdur.[5] Nənəsinin söylədiyi nağıllar, atalar sözləri, bayatılar gələcək şairin zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynamışdır.[5]İbtidai təhsilini rus-Azərbaycan məktəbində alan Müşfiq humanitar elmlərə böyük maraq göstərməklə yanaşı, rus dilini də mükəmməl öyrənmişdir.[5][7] 1920–1927-ci illərdə əvvəlcə Bakı darülmüəllimində, sonra 12 nömrəli II dərəcəli məktəbdə təhsil almış, 1927–1931-ci illərdə Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universiteti) dil və ədəbiyyat fakültəsini bitirərək Bakı məktəblərində müəllimlik etmişdir.1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir.[15] NKVD-nin 27 may 1937-ci ildə təhlükəsizlik kapitanı Çinmanın tərtib etdiyi arayışda qeyd olunmuşdu ki, "Mikayıl Müşfiq hal-hazırda "Müsavat gənclər təşkilatı ilə əlaqə saxlayıb, partiya və hökumətin ünvanına böhtanlar deməkdən çəkinmir".[12] Bundan əlavə arayışda Müşfiqin "Azərbaycanın öz azadlığı yoxdur, o, Rusiyanın koloniyasında yaşayır" kimi qızışdırıcı sözləri ilə xalqın arasında narazılıq yaratmaq istəyi iddia olunurdu.[12] Həbs olunmuş müttəhimlərin "könüllü" surətdə yazdığı izahatlar da nəzərə alınmış və müstəntiq tərəfindən hazırlanan həmin arayışa əsasən Mikayıl Müşfiqin adına iyunun 3-də 508 nömrəli order yazılmış, cümə günü, iyun ayının 4-də isə evində həbs edilmişdi.
