
Süleyman Sani Axundov
Süleyman Sani Rzaqulu bəy oğlu Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. O, uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyümüşdür.[3] Süleyman Sani Axundov 1885–1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilmişdir.[3] O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, yazıçı, jurnalist kimi tanınmışdır.Süleyman Sani Axundov 1906-cı ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmişdir. 1908-ci ildə A.Şaiq, M.Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə birlikdə Azərbaycan pedaqoji fikri tarixində mütərəqqi bir hadisə olan məşhur "İkinci il" dərsliyini tərtib etmişdir.[4] 1918-ci ildə Bakıda sovet hakimiyyəti qurulanda o, Azərbaycanda ilk maarif komissarı kimi maarif sahəsində böyük həvəslə çalışmışdır. 1920-ci ildə Qarabağ İnqilab Komitəsinin qərarı ilə Süleyman Sani bir sıra partiya və dövlət tapşırıqlarını yerinə yetirir. Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasında fəal iştirak edir. Azərbaycan mədəni-maarif işlərinin möhkəmlənməsinə çalışır.[5] 1920–1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922–1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışmışdır. 1922-ci ildə "Azərbaycan Ədib və Şairlər İttifaqı"nın ilk sədri seçilmişdir.1922-ci ildə S.Sani M.Mahmudbəyov, S.Əbdürrəhmanzadə, F.Ağazadə, A.Şaiq, Ə.Əfəndizadə ilə birlikdə "Yeni türk əlifbası" dərsliyini yazır. 1923-cü ildən nəşrə başlayan "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında dövrün tələbləri ilə səsləşən bir sıra hekayələrini çap etdirir.[6] Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona "Əmək Qəhrəmanı" adı verilmişdir. 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur.Süleyman Sani Axundov 29 mart 1939-cu ildə, 63 yaşında vəfat etmişdir.


