
Hüseyn Cavid
Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində ruhani ailəsində anadan olub. Atası Abdulla 1877-ci ildə Naxçıvana Şahtaxtı kəndindən gəlib. Hüseyn Cavid beş il Naxçıvanda molla məktəbində ibtidai təhsil aldıqdan sonra orta təhsilini Qurbanəli Şərifovun məsləhəti ilə atasından gizlin Məhəmməd Tağı Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899–1903-cü illərdə Cənubi Azərbaycanda qardaşının yanında olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. O, burada ərəb və fars dillərinə yiyələnmişdir. Daha sonra ağır göz xəstəliyinə görə təhsilini dayandırmış və ticarətlə məşğul olmuşdur. Daha sonra Təbrizdən Urmiyaya getmiş, 1904-cü ilin may ayına qədər orada yaşamışdır. 1904-cü ildə Gürcüstana gedib orada yol tikintisi ilə məşğul olan şirkətdə mühasib olaraq işləməyə başlayır. 1906-cı ildə qardaşı Məhəmməd onu İstanbula təhsil almağa göndərir.Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Ana" pyesi H. Cavidin dramatik növdə yazdığı ilk əsəridir. Əsərdəki hadisələr Dağıstanda cərəyan edir.
